Ümumi müddəalar
Bu Qaytarılma və Ödəniş Əməliyyatlarinin Ləğvi Şərtləri (bundan sonra ismin müvafiq hallarında “Şərtlər” adlandırılacaq) “QPAY” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra ismin müvafiq hallarında “Q-Pay” və ya “Şirkət” adlandırılacaq) tərəfindən təqdim edilən q-pay.az internet saytı və mobil tətbiqin (bundan sonra ismin müvafiq hallarında olmaqla birlikdə “Xidmət” adlandırılacaq) istifadəsi vastisəilə icra edilən ödənişlərin qaytarılma və ləğvi şərtlərini müəyyən edir.
Bu Şərtlər Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq tərtib olunmuşdur.
Xidmətdən istifadə etməklə İstifadəçi bu Şərtlərlə tam, qeyd-şərtsiz və geri dönməz şəkildə razılaşdığını təsdiq edir və bu Şərtlərin müddəalarına riayət etməyi öhdəsinə götürür. İstifadəçinin bu Şərtlərin hər hansı müddəası ilə razılaşmadığı halda, İstifadəçi Xidmətdən istifadə etmək hüququna malik deyil və Xidmətdən istifadəsini dayandırmalıdır.
Q-Pay mal və/və ya xidmətlərin satıcısı və ya təchizatçısı olmayıb, yalnız İstifadəçi ilə Tərəfdaş arasında həyata keçirilən ödəniş prosesinin texniki təminatını həyata keçirən platformadır. Bu səbəbdən, bu Şərtlər Tərəfdaş tərəfindən təqdim edilmiş mal və/və ya xidmətlərin qaytarılmasına deyil, Q-Pay vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının ləğvinə və qanunvericilikdə nəzərdə tutulmuş hallarda vəsaitlərin geri qaytarılmasına tətbiq edilir.
Mal və/və ya xidmətlərlə bağlı geri qaytarma, dəyişdirmə, keyfiyyət, uyğunsuzluq və digər tələblər birbaşa müvafiq Tərəfdaşa təqdim edilməlidir.
Əsas anlayışlar
Bu Şərtlərdə, onun əlavələrində, ona istənilə düzəlişlərdə və digər ayrılmaz hissələrində istifadə olunan aşağıdakı anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, aşağıdakı mənaları ifadə edir:
“Xidmət” – ictimai iaşə obyektində təqdim edilmiş hesabın QR-kod vasitəsilə Q-Pay platformasında görüntülənməsini, həmin hesab üzrə ödənilməli məbləğin tam və ya hissə-hissə ödənilməsini, habelə hesabın bölüşdürülməsi və ödənişlərin həyata keçirilməsi ilə bağlı digər funksional imkanların təqdim edilməsini təmin edən Q-Pay platforması;
“İstifadəçi” – vətəndaşlığından, ölkə rezidentliyindən və hər hansı proqram və ya loyallıq sisteminə üzvlüyündən asılı olmayaraq, Xidmətdən istifadə edən və Xidmət vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün istifadəsi hər hansı formada qadağan edilməmiş və ya məhdudlaşdırılmamış bank kartının birbaşa və ya dolayı yolla sahibi və ya istifadəçisi olan fiziki şəxs;
“Tərəfdaş” – Xidmətin təqdim edildiyi və/və ya Xidmətdən istifadə etməklə ödənişlərin qəbul edildiyi restoran, kafe və digər ictimai iaşə obyektlərini idarə edən və ya onların adından fəaliyyət göstərən fiziki və ya hüquqi şəxs;
“Ödəniş təşkilatı” – Xidmət çərçivəsində İstifadəçi tərəfindən həyata keçirilən ödənişlərin qəbul edilməsini, emalını və icrasını təmin edən, müvafiq qanunvericiliyə uyğun olaraq ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyaya malik olan fiziki və ya hüquqi şəxs.
Bu Şərtlərdə böyük hərflə yazılmış, lakin ayrıca müəyyən edilməmiş anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, qüvvədə olan qanunvericiliyə və ya Şərtlərin müvafiq müddəalarına uyğun olaraq şərh edilir.
Təkdə istifadə olunan anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, cəmdə, cəmdə istifadə olunan anlayışlar isə təkdə olan anlayışları da əhatə edir.
Bu Şərtlərdə şəxsə edilən istinad, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, fiziki və hüquqi şəxsləri, habelə onların hüquqi varislərini və hüquq və öhdəliklərinin qanuni əsaslarla ötürüldüyü şəxsləri əhatə edir.
Bu Şərtlərdə “daxil olmaqla”, “o cümlədən” və oxşar ifadələrdən istifadə edilməsi həmin siyahının məhdud və ya tam olması kimi şərh edilmir və müvafiq anlayışa digər elementlərin də daxil olmasını istisna etmir.
Bu Şərtlərdə müəyyən edilmiş anlayışların mənası, həmin anlayışların bu Şərtlərin digər bölmələrində istifadə edilməsindən asılı olmayaraq, bu bölmədə müəyyən edilmiş məna daşıyır.
Ödəniş əməliyyatinin ləğvi
Ödəniş əməliyyatı Ödəniş təşkilatı və/və ya müvafiq bank tərəfindən təsdiq edildikdən və tamamlandıqdan sonra həmin əməliyyatın ləğvi və ödənilmiş vəsaitin geri qaytarılması yalnız tətbiq olunan qanunvericilik, bank və Ödəniş təşkilatının qaydaları çərçivəsində mümkün ola bilər.
Ödəniş əməliyyatının texniki səhv, eyni əməliyyat üzrə təkrar və ya dublikat ödəniş, İstifadəçinin razılığı olmadan həyata keçirilmiş əməliyyat və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla geri qaytarılması müəyyən edildikdə, müvafiq məbləğin geri qaytarılması üçün zəruri tədbirlər görülür.
Ödəniş əməliyyatı hələ tamamlanmamış və Ödəniş təşkilatının qaydalarına uyğun olaraq ləğv edilə bilən mərhələdə olduğu halda, İstifadəçi əməliyyatın ləğv edilməsi ilə bağlı Q-Pay-a müraciət edə bilər.
Geri qaytarma proseduru
İstifadəçi ödəniş əməliyyatının ləğvi və ya vəsaitin geri qaytarılması ilə bağlı müraciətini əməliyyatın həyata keçirildiyi tarixdə Q-Pay mobil tətbiqində nəzərdə tutulmuş dəstək bölməsi vasitəsilə təqdim edə bilər.
Müraciətə baxılması üçün Q-Pay tərəfindən əməliyyata dair məlumatlar, o cümlədən əməliyyatın tarixi, məbləği və digər zəruri məlumatlar tələb oluna bilər.
Q-Pay müraciəti araşdırır və zəruri hallarda müvafiq Tərəfdaş, bank və/və ya Ödəniş provayderi ilə əlaqə saxlayaraq əməliyyatın statusunu və geri qaytarılmanın mümkünlüyünü müəyyən edir.
Müraciətə baxılma müddəti əməliyyatın xüsusiyyətindən və bankın və/və ya Ödəniş provayderinin tətbiq etdiyi prosedurlardan asılı olaraq 30 (otuz) iş günü təşkil edə bilər.
Geri qaytarılması təsdiq edilmiş vəsait, bir qayda olaraq, ödənişin həyata keçirildiyi bank kartına və/və ya hesaba qaytarılır. Vəsaitin hesaba faktiki daxilolma müddəti müvafiq bankın və/və ya Ödəniş təşkilatının prosedurlarından asılıdır.
Uğursuz ödəniş əməliyyatları
Ödəniş zamanı vəsait İstifadəçinin hesabından tutulduğu halda, əməliyyatın texniki və ya digər səbəbdən uğursuz hesab edilməsi və vəsaitin Tərəfdaşa köçürülməməsi halında, müvafiq məbləğ bank və/və ya Ödəniş provayderinin qaydalarına uyğun olaraq İstifadəçinin ödəniş etdiyi karta və/və ya hesaba qaytarılır.
Belə hallarda vəsaitin geri qaytarılması müddəti Q-Pay-dan asılı olmayaraq müvafiq bankın və/və ya Ödəniş provayderinin daxili prosedurlarına uyğun müəyyən edilir.
İddia və şikayətlər
İstifadəçi ödəniş əməliyyatının nəticəsi, geri qaytarılma prosesi və ya müraciətə baxılmasının nəticəsi ilə bağlı narazı olduğu halda Q-Pay-a yazılı və/və ya elektron qaydada müraciət edə bilər.
İstifadəçinin Q-Pay-a təqdim etdiyi müraciətin nəticəsi ilə razılaşmadığı halda, İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istehlakçı hüquqlarının müdafiəsi sahəsində səlahiyyətli dövlət orqanına və/və ya məhkəməyə müraciət etmək hüququna malikdir.
Şərtlərə dəyişikliklər
Q-Pay, öz müstəqil mülahizəsinə əsasən və istənilən zaman bu Şərtlərə dəyişiklik və əlavələr etmək hüququna malikdir. Şərtlərin yeni redaksiyası Q-Pay-ın rəsmi internet səhifəsində və/və ya Platformada dərc edildiyi tarixdən qüvvəyə minir və həmin tarixdən Xidmətdən istifadəyə münasibətdə tətbiq edilir.
Şərtlərin yeni redaksiyası qüvvəyə mindikdən sonra Xidmətdən istifadəni davam etdirməklə İstifadəçi edilmiş dəyişiklikləri qəbul etdiyini təsdiq edir. Dəyişikliklərlə razı olmayan İstifadəçi Xidmətdən istifadəni dayandırmalıdır.
Mübahisələrin həlli
Bu Şərtlərin tətbiqi, icrası, təfsiri və ya pozulması ilə əlaqədar İstifadəçi ilə Q-Pay arasında yaranan hər hansı mübahisə və fikir ayrılığı ilk növbədə danışıqlar yolu ilə həll edilməyə çalışılır.
Mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq səlahiyyətli məhkəmədə həll edilir.
Əlaqə məlumatları
Hüquqi şəxs: “QPAY” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009732101
Hüquqi ünvan: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov, ev 11, m. 13
E-poçt: ______________
Telefon: ______________